Bu günlərdə Ruisyada yaşayan azərbaycanlı bloggerlər Fəridə və Aida Əliyevalar Gəncə şəhərinə endirilən ballistik raket zərbələri nəticəsində evsiz qalmış, ailə üzvlərini itirmiş şəxslərə yardım etmək üçün “İnstagram” sosial şəbəkəsi üzərində kampaniya keçiriblər.
Unikal.org xəbər verir ki, kampaniya nəticəsində qısa müddət ərzində erməni terrorunun qurbanı olan Gəncə sakinlərinə yardım məqsədilə 3,9 milyon rubl (84 min manat) ianə toplanıb. Bu məbləğ “Həyat Fondu”nun rəhbəri Hacı Nuran Hüseynov, Aqrar İnkişaf Könüllüləri İctimai Birliyinin üzvləri və “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aytəkin Məmmədova vasitəsilə Gəncədə ermənilərin raket zərbələrindən zərərçəkmiş şəxslərin ailələrinə çatdırılıb. Yardım kampaniyası çərçivəsində 80 ailəyə maddi yardım, 15 ailəyə isə ərzaq yardımı edilib. Yardım kampaniyası tam şəkildə lentə alınıb və təşkilatçıların “İnstagram” səhifəsində paylaşılacaq. Ümumilikdə yardım kampaniyasında müxtəlif ölkələrdə yaşayan vətəndaşlar iştirak ediblər. Qeyd edək ki, yardım kampaniyasının təşkilatçıları olan Fəridə və Aida Əliyevalar MDB məkanında tanınmış bloggerlərdir, onların “İnstagram” səhifələrinin milyonlarla izləyicisi var.