ABŞ-da 3 noyabrdan bəri davam edən prezident seçkilərində Demokrat Co Bayden qələbə qazanıb.
Unikal.org xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti seçilməsindən sonra bütün nəzərlər Bayden və onun ailəsinə yönəlib.
Belə ki, Demokrat Co və ABŞ-ın “Birinci xanım”ı adını qazanan Cill Baydenlər haqqında araşdırmanı təqdim edirik:
Co Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib. 10 yaşı olanda ailəsi Delaver ştatının Kleymont şəhərinə köçür. 1961-ci ildə Bayden katolik hazırlıq məktəbini bitirir. Ali təhsili Delaver Universitetində tarixi və siyasi elmləri öyrənir. 1965-1968-ci illərdə Nyu-Yorkda hüquq kollecində oxuyur, hüquq doktoru elmi dərəcəsi alır. 1972-ci ildə Demokratlar partiyasından senator seçilir. Həmin il həyat yoldaşı və qızını avtomobil qəzasında itirir.
1978, 1984, 1990, 1996 və 2002-ci illərdə yenə Senata seçilən Bayden 2001-2003-cü illərdə Senatın "Xarici siyasət komitəsi"nə başçılıq edir. Bayden erməni lobbisinin xeyirinə işləmiş və 1955-2007 illərin arasında Konqressin erməni işlər üzrə qrupun üzvü idi. O, Azərbaycana qarşı olan 907-ci düzəliş üçün və 1992-2008 illərin arasında Ermənistana və Qondarma Dağlıq Qarabağ Respublikasına maddi yardım üçün lehinə səs verib.
Amerikanın “Birinci xanım”ı olan 69 yaşlı həyat yoldaşı Cill Bayden kimdir?
1951-ci ildə Nyu-Cersinin Hammonton şəhərində anadan olan və gənc yaşlarını Pensilvaniyada keçirən Cill Bayden, İtalyan ailəsindəndir. Bank məmuru atasının və evdar qadın anasının dörd övladından biri olan Cill, 19 yaşında kollec futbolçusu Bill Stevenson ilə evlənib. Lakin, xoşbəxt həyatı olmayan Cill 1974-cü ildə ərindən boşanıb.
Belə ki, Cill ABŞ senatoru Co Baydenlə 1975-ci ildə dostu vasitəsilə tanış olub. 1972-ci ildə yol qəzasında həyat yoldaşını və 1 yaşlı qızını itirəndən sonra iki oğlu ilə tək qalan Co Bayden ilk baxışdan Cilə aşiq olub və cütlük 1977-ci ildə dünya evinə girib. Conun ilk həyat yoldaşından olan Hunter və Beauya analıq edən Cill bu evlilikdən 1981-ci ildə Aşley Baydeni dünyaya gətirib.
Daha sonra müəllim olaraq davam edən xanım Bayden, 13 il ərzində müxtəlif dövlət liseylərində İngilis dili və tarix fənlərindən dərs verib. Əri Co Bayden 2008-ci ildə ABŞ-ın vitse-prezidenti seçilənə qədər müəllimlik üzrə magistr dərəcəsini bitirmiş və bir çox təşkilatda könüllü olmuş, qadınlar və uşaqlar üçün maarifləndirmə kampaniyalarında fəal rol oynamışdır.
Co Baydenin Ağ Evdə çalışdığı dövrdə liseydə müəllimliyini buraxmayan Cill 2009-cu ildə doktoranturasını bitirdikdən sonra Şimali Virciniya Universitetində müəllim işinə başlayıb. Bununa da Cill Bayden ABŞ tarixində vitse-prezidentin həyat yoldaşı olaraq işinə davam edən ilk həyat yoldaşı olub.
2012-ci ildə Co Baydenin ikinci dəfə vitse-prezident seçildikdən sonra karyerasına davam edən Cill, bütün seçki proseslərində əri ilə tərəfini tutaraq kampaniyalara qatılıb.
Baydenlər ailəsinin ilk övladı Beau Baydenin 2015-ci ildə beyin xərçəngi səbəbiylə vəfat etməsindən kədərlənən Co həmin ildə Demokratik Partiya prezidentliyinə namizədliyindən imtina edib. Bu zaman Baydenin ən böyük dəstəkçisi Cill olub.
Ərinin ən böyük dəstəkçisi olan Cill Bayden 2019-cu ilə qədər universitet professoru vəzifəsində çalışıb. 2020 prezident seçkilərində Conun qalibiyyətindən sonra Cill Bayden ABŞ-ın yeni “Birinci xanım”ı olub.
Gülayə Mecid