Qırğızıstanlı 37 yaşlı Dölöt Sıdıkov Ginnesin Rekordlar Kitabına düşmək üçün "Manas" dastanını 14 saat 7 dəqiqə 27 saniyə davamlı şəkildə oxuyub.
Unikal.org xəbər verir ki, paytaxt Bişkek Mərkəzindəki Ala-Too Meydanında "Manas" qəhrəman heykəlinin qarşısında Manasçı Sıdıkov dastanı oxuyaraq rekorda imza atıb.
Belə ki, konservatoriya məzunu olan Sıdıkov, 12 yaşından bəri Manas dastanını oxuyur. O, Ginnesin rəsmilərinin nəzarəti altında 14 saat 7 dəqiqə 27 saniyə su içmədən və oturmadan türk dünyasının ən böyük qəhrəmanlıq dastanını davamlı şəkildə oxuyub.
Qeyd edək ki, qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır.