ABŞ seçkidə saxtakarlıq olduğunu sübut edənə 1 milyon dollar mükafat vəd edilib. ABŞ seçkilərində əsas əyalətlərdən biri olan Texasda respublikaçı qubernatorun müavini Dan Patrik səslərin oğurlandığına və ya hər hansı hiyləyə dair dəlillər gətirənlərə bir milyon dollar verəcəklərini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qubernator köməkçisi Patrik Prezident Trampın seçki manipulyasiyasına dair fikirlərini dəstəklədiyini ifadə edib: “Prezident seçkilərində hər qanuni səs sayılmalı və qanunsuz olanlar etibarsız sayılmalıdır. Seçki bülletenlərinin sayılmasının təxirə salınması seçici saxtakarlığı ilə bağlı ola biləcək səhvləri və şübhələri artırır”. O həmçinin qeyd edib ki, vəd edilən 1 milyon dollar Donald Trampın seçki kampaniyası üçün yığılan puldan ödəniləcək. Bir sıra mütəxəssislər isə qubernator köməkçisi Patrikin vədinin bəzi insanların ortaya çıxmasına və pul qazanmaq üçün müəyyən iddialar ortaya atmasına səbəb olacağını bildiriblər.
Qeyd edək ki, Donald Tramp seçkilərdən sonra səslərin oğurlandığını və heç bir dəlil göstərilmədən sandıqda aldandığını iddia edərək məğlubiyyətini qəbul etmir. O, bu yaxınlarda Co Baydenin üstünlük qazandığı Miçiqan ştatının Detroit şəhərində səslər sayılarkən respublikaçı seçki nəzarətçilərinin çölə çıxarıldığını və bəzi bülletenlərin də yandırıldığını iddia etmişdi. Lakin bu iddialar qanuni dəlillərlə sübut edilə bilmədi.
İndiyə qədər 2020-ci il ABŞ seçkilərində saxtakarlığa dair heç bir hüquqi dəlil ortaya çıxmayıb. “New-York Times” qəzeti keçən həftə ABŞ-ın 52 əyalətindəki seçki heyətinin oturduğu ofislərlə əlaqə saxlayıb, lakin səs oğurluğu və ya saxtakarlıq barədə heç bir rəy almayıb. Hələ ki, qanuni olaraq təsdiqlənməyən nəticələrə görə, demokratların namizədi Co Bayden 74 milyondan çox səslə “ABŞ tarixində ən çox səs toplayan prezidentliyə namizəd” hesab olunmaqdadır.