Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Unikal.org-a Yasamal rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.