Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların yalnız partizan əməliyyatlarında az-çox səmərəli iştirak etməsinə imkan verir. Buna görə də onlar Azərbaycana gərək deyildilər.
Unikal.org xəbər verir ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri “Vzqlyad” qəzetinə müsahibəsində deyib.
Ekspert vurğulayıb ki, guya birinci olaraq hücuma keçən suriyalı döyüşçülərin özlərini güllə qabağına atması - erməni təbliğatının uydurmasıdır.
İ.Korotçenko İkinci Qarabağ müharibəsindəki itkilər barədə Bakının məlumatına şübhə etmir. “Nasionalnaya oborona” jurnalının baş redaktoru deyib: “Müharibə başa çatıb və bu rəqəmləri gizlətmək Azərbaycana artıq gərək deyil. Əgər müharibənin xüsusiyyətini, istifadə olunan silah-sursatı nəzərə alsaq, itkilər çox aşağı olub. Təkcə mən yox, hərbi sahə üzrə olan başqa mütəxəssislər də təəccübləniblər ki, Azərbaycan tərəfi bu qədər az itkilər hesabına qələbəyə nail olub”.
Onun fikrincə, Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qoruması bir neçə amil sayəsində mümkün olub. Birincisi, Bakı ən müasir silahlanma növlərindən, xüsusən zərbə pilotsuz uçuş aparatlarından fəal istifadə edib. Onların sayəsində Azərbaycan Ordusu əvvəlcə ermənilərin müdafiə xəttinə şiddətli və yüksəkdəqiqlikli artilleriya və hava zərbələri endirib, yalnız bundan sonra piyada bölmələri döyüşə qoşulub. İkinci, strateji amil isə əsas zərbənin istiqamətinin uğurla seçilməsidir.
İ.Korotçenko deyib: “Ermənilər gözləyirdilər ki, əsas zərbə mərkəzdə, Ağdam şəhəri istiqamətində, yaxud da birbaşa bütün təmas xətti boyunca endiriləcək. Azərbaycan əsas zərbəni cənubda endirdi, orada müdafiə xəttini yardı və dayanmadan irəliyə - şimala doğru, Şuşa şəhərinə çatanadək hücuma keçdi. Şuşanın süqutundan sonra isə, məlum olduğu kimi, tərəflər Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəldilər”.