Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş parad keçiriləcək.
Unikal.org-un məlumatına görə, Bakının Azadlıq Meydanında baş tutacaq Zəfər paradına Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev komandanlıq edəcək. Paradı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qəbul edəcək.
Paradda ilk olaraq meydana Azərbaycanın Dövlət Bayrağı gətiriləcək. Daha sonra Şuşaya sancılan Zəfər bayrağı meydanda olacaq. Şuşaya sancılan bayrağı Azalıq Meydanına “Vətən Müharibəsi Qəhrəmanı”, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən general-mayor Zaur Məmmədov gətirəcək.
Ardınca torpaqlarımızın işğaldan azad olunmasında xüsusi xidmətləri olan hərbi hissələrin döyüş bayraqları və şəxsi heyət keçid edəcək.
Türkiyədən gəlmiş 200-ə yaxın hərbi qulluqçu da paradda iştirak edəcək.
Bundan əlavə, Zəfər aradında ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlıları və Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin parad heyəti də keçid edəcəklər.
Qeyd edək ki, paradı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyəcəklər. Həmçinin diplomatik korpusların nümayəndəlikləri də paradı izləyənlər arasında yer alacaq.
Zəfər paradının aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.