"Bu gün Qardaşım İlham Əliyevlə birlikdə xüsusilə infrastruktur və digər məsələlərlə bağlı müzakirələr apardıq. Ermənilər olduqları yerlərdə nə varsa hamısını yandırıblar, məscidləri hətta kilsələri də yandırıb dağıdıblar. Mən talan edilən, dağıdılan bu yerlərin yenidən bərpasını inanıram. Necə ki, 20 il əvvəl gələrkən necə bir Bakı vardı, bu gün necə bir Bakı var, tamamilə dəyişib. Bunu 20 il əvvəlkindən bu günə çatdıran Azərbaycan rəhbərliyi, inanıram ki, Allahın izni ilə Qarabağı da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətirəcəkdir. Bu qüdrət, bu güc İlham qardaşımda var. Çünki bunu sübut edib".

Unikal.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında Qarabağın gələcəyi barədə danışarkən səsləndirib.

Türkiyə Prezidenti deyib: “Bu gün məzarları ziyarət edərkən parlamentimizin sabiq sədri İsmayıl Qəhrəman dedi ki, daha əvvəlki səfərlərində hər dəfə əvvəlkindən xeyli fərqli bir Azərbaycan, Bakı görüb. Xüsusilə mən bunu iyirmi il ərzində çox yaşadım. İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm. Bu gün atılan imzalar əslində simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfalar arzu edirəm. Bir daha uğurlarınızın artaraq davam etməsini arzulayıram”.