"Mənim atam igiddir, heç nədən heç zaman qorxmayıb. 28 il idi arzulayırdı ki, Qarabağ alınsın. Atamın arzusu gerçək oldu. Atam şəhidlik zirvəsinə ucaldı. Onun igidliyi məndə yoxdur. Amma bildiyi hər şeyi mənə öyrədib. Avtomatları bilirəm, bombanı necə atırlar öyrənmişəm. Amma mənim atamla bağlı arzularım var idi, onları yarımçıq qoyub getdi".
Unikal.org xəbər verir ki, bu sözləri şəhid Teymur Abbaslının oğlu Feyruz Abbasov "Bizimləsən" proqramında deyib. Atası ilə bağlı arzularını danışan Feyruz studiyadakıları göz yaşına boğub:
"Atam mənim təhsilimə önəm verirdi. Deyirdi "Oxford"da oxudacam səni. Atamla xəyallarım çox idi. İnana bilmirəm ki, o, şəhid olub. Elə bilirəm qapı döyüləcək və gələcək. Hələ də o hiss məndə var. Amma olmur... Yalnız atamla cənnətdə görüşəcəm. Atamın arzusunu gerçəkləşdirəcəm, gələcəkdə pilot olacam. Özü də hərbi pilot olmaq istəyirəm. Deyirdim ki, ata, səni də təyyarəyə otuzdurub göylərdə gəzəcəyik. Nəsib olmadı".
Şəhidin kiçik oğlu Siruz isə "Atam şəhid oldu. 28 il nə arzuladısa, onu da yaşadı. Deyirdi ki, yalvarsanız da müharibəyə gedəcəm. Deyirdik, ata getmə, amma getdi. Bizi qoyub canından Vətən üçün keçdi. Onun tabutu evimizə sığışmadı, həyətdən də dəfn olunmağa aparıldı" sözlərini söyləyib.