Torpaqlarımıza azadlıq gətirənlərın sırasında onun  da imzası var: Tacəddin Şahəddin oğlu Əzizli.

Unikal.org xəbər verir ki, o, Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan 2783 nəfərdən biri olub.

No description available.

Əzizli Tacəddin 1994-cü il 7 avqust tarixində Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-ci ildə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2004-cü ildən etibarən Bakı şəhəri, Səbail rayonu Rəfail Hüseynov adına 49 nömrəli məktəb-liseydə təhsilini davam etdirib, 2011-ci ildə həmin məktəb-liseyin məzunu olub. Məzun olduqdan sonra 2012-ci ildə Ukraynanın Xarkov şəhərində yerləşən Xarkov Dövlət Ticarət və Qida Sənayesi İnstitutuna daxil olub. İnstitutu 5 illik təhsillə başa vuraraq, 2017-ci ildə Vətənə qayıdaraq hərbi xidmətə yollanıb.

Hərbi xidmətini 2017-2018-ci il ərzində cəbhə istiqamətində N saylı hərbi hissədə keçib. O, nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 2018-ci ildə hərbi xidməti başa vuraraq evə qayıdıb və 2020-ci il iyul ayında "Makro 2000” türk şirkətində əmək fəaliyyətinə başlayıb. Yaxınlarının sözlərinə görə,  Tacəddin 21 sentyabrda  könüllü olaraq döyüşə yollanıb.  

"Vətən Müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılıb. Döyüş yoldaşları Tacəddinin Füzuli rayonu Ələsgərli kəndi istiqamətində gedən döyüşlərdə çox şücaət göstərdiyini deyir. Onlara verilən əmrə əsasən Tacəddin 28 oktyabr tarixində 3 döyüş yoldaşıyla birgə erməni postuna basqın təşkil edib. Həmin postu ələ keçirərək düşmənin çox sayda canlı qüvvəsini məhv etməklə düşmənə məxsus 4 avtomobil və xeyli silah-sursat ələ keçiriblər. Bundan sonra Tacəddingil Cəbrayıl-Hadrut istiqamətində döyüşüb”-  deyə bildirilib.  

Tacəddinin atası Şahəddin Əzizlinin sözlərinə görə, oğlunun müharibənin bitməsinə bir neçə saat qalmış şəhid olduğunu deyir:

"Tacəddin 29 oktyabr-9 noyabr tarixlərində Şuşa döyüşlərində düşmənlə əlbəyaxa döyüşdə də iştirak edib. 9 noyabrda Laçın dəhlizi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub”.

Qeyd edək ki, şəhid Əzizli Tacəddin 2020-ci il 14 noyabrda doğma kəndi Sarvan kəndində dəfn olunub. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün bacısı oğlu Kənan Əlixanlının təhsil aldığı 20 saylı məktəb liseyin 3 ”a” sinfinə şəhidin adı verilib.

Gülayə Mecid