Vətən müharibəsində qəhrəmancasına şəhid zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Aslan İsmayılovdur.
Unikal.org-un məlumatına görə, Aslan Əvəz oğlu İsmayılov 1993-cü ilin 1 iyunda Salyan rayonunun Sarvan kəndində anadan olub. 1999-cu ildə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin 1-ci kursuna, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
Atası Əvəz İsmayılov açıqlamasında bildirir ki, Aslan təhsilini başa vurduqdan sonra Naxçıvanda və Bakıda hərbi xidmətini davam etdirir. Xidmət zamanı göstərdiyi fəaliyyətinə görə baş leytenant rütbəsi ilə fərqələndirilir.
Uşaqlıqdan idmana maraq göstərən Aslan Xüsusi Təyinatlı Qüvvələrin (X.T.Q) döyüş qurupunda olub. Atasının sözlərinə görə, torpaqlarımızın işğal altında olması Aslanı hər zaman narahat edib. Belə ki, baş leytenant Aslan İsmayılov 44 günlük Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub. Bir sıra ərazilərin işğaldan azad olunmasında böyük şücaiət göstərib. Füzuli – Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 9 oktyabr tarixində doğulub boya-başa çatdığı Sarvan kəndində torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Gülayə Mecid