Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də Vəli Quliyevdir. 

Unikal.org-un məlumatına görə, o, 44 günlük Vətən müharibəsində böyük şücaiət göstərən igidlərimizdən biridir. 

Vəli Quliyev Kamal oğlu 20.07.1997 tarixində Culfa rayon Qazançı kəndində dünyaya gəlib. 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsilinə başlamışdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində 7-ci sinifdən təhsilini davam etdirmiş və 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014-cü ildə oranı bitirərək, Azərbaycan Ali Hərbi Akedemyasina 1-ci kursuna qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vurmuşdur. Həmin ildə də N saylı hərbi hissədə işə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır.
İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri işləyirdi. Özü sərhəd bölgəsini seçmişdi. Postuna necə dəyər verməsi, evi kimi necə can yandırması hamıya nümunə idi. 5 ay idi ki, kirayə etdiyi mənzildən çıxıb elə postda qalırdı və hər zaman deyirdi:
- Evim buradır. Sərhədçinin evi post olar.

No description available.

Yaxını Rəşid Quliyev açıqlamasında bildirir ki, Vəli Quliyev bu cür hərbçi olub. Səmimi komandir... Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən.

27 sentyabr səhəri düşmənin Tovuz istiqamətindəki dinc əhalini artilleriyalardan, iriçaplı pulemyotlardan atəşə tutması xəbəri ilə açılır. Həmin vaxt silahına sarılan Vəli öz bölüyü ilə döyüş bölgələrində idi. Adəti üzrə “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, – deyərək bölüyünü yığır başına. Dilində bir söz vardı: “Ya Qarabağ, ya ölüm!” Bu sözlər ilə əsgərlərini döyüşə ruhlandırır,Vətənin müdafiəsinə bu cür səsləyirdi. 44 günlük müharibənin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşur, irəli gedir. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan istqamətlərində gedən döyüşlərdə işğaldan azad olan torpaqlarımızda naxçıvanlı aslanlar bölüyün imzalarını hər yerə yazır.

No description available.
Oktyabr ayının 21-i Qubadlı istiqamətinə getmək üçün yola düşürlər. Vəligilin yol getdiyi “Maz” markalı maşına bomba atırlar, Vəli bir qrup heyət ilə birlikdə maşından atılıb, canını güc-bəla ilə qurtarır. Həmin heyətdən 9 nəfər şəhid olur. Çox keçmir, 2-3 saatın içində qızğın döyüş başlayır. Ermənilərlə, təqribən, 30 metr məsafədə... Onlar səngərdə, bizim döyüşçülər isə ortada mühasirəyə düşmüş vəziyyətdə... Topların səsindən qulaq tutulur. Yağış kimi mərmilər yağır hər tərəfdən. Yanında Asim İbrahimovun güllə yarası alıb şəhidlik məqamına yüksəldiyini görən Vəli çox qəzəblənir, dostu Fərmin Əliyevin (Vəlinin ən yaxın dostlarından biri idi) şəhid olması yadına düşür. Başını qaldırıb silahını çəkəndə onu da nişan alırlar. Yanındakı əsgəri Elnur Məmmədli özünü atır komandirinin üzərinə ki, onu qorusun. Çox təlaşlanır:
 – Nə edək, komandir? Sizi çıxarım buradan, bəlkə? Hə, çıxarım, qoymaram sizə nə isə olsun.
Vəli qaşlarını çatıb deyir:
- Yox! Dayanmaq, geri getmək olmaz. Çəkilməyin! Bu, bir göstərişdir. İrəli gedin! Bir-birinizdən də muğayat olun!
Elə o anda ikinci güllə ilə gözlərini əbədilik yumur. Elnur onu döyüş meydanından 3-4 metr kənara çəksə də, baxır ki, nəbzi dayanıb. Artıq Vəlidən geriyə qalan silahı, bıçağı bir də cansız bədənidir. Ruhu isə əbədilik vətən səmasında  yer alıb. 

No description available.

Naxçıvan torpağı onu döyüş bölgəsinə bir hərbçi leytenant kimi göndərsə də, əsl generala layiq iftixar, qürur və fəxarətlə qarşıladı. Vəli Quliyev nəinki qəhrəman bir hərbçi oldu. O, həm də Qarabağ əfsanəsinə çevrildi. “Naxçıvan Canavarı” simvolunun daşıyıcısı, igid qəhrəmanı Vətən torpağının qoynuna şəhid kimi köçdü, sevdiyi Vətən naminə.

Gülayə Mecid