Azərbaycan tarixinin yeni şanlı səhifəsi otuz ilə yaxın bir müddətdə davam edən və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun əks-hücum tədbirləri nəticəsində əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan tarixinin ən mühüm hadisələrindən olaraq, möhtəşəm hərbi paradla yekunlaşdı.
“Dəmir yumruq” əməliyyatı nəticəsində uzun illərdən bəri ikili standartlar mövqeyindən çıxış edən bir sıra dövlətlərin və bəzi beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminin həllinin hərbi yolu olmaması barədə tezisi darmadağın edilərək, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri dövlətimiz tərəfindən icra olundu.
Bir daha xatırlatmaq lazımdır ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə görə əsas məsuliyyəti daşıyan Təhlükəsizlik Şurasının hər dörd qətnaməsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü birmənalı olaraq təsdiq edilir (30 aprel 1993-cü il tarixli 822 saylı qətnamənin preambulasının 7-ci bəndi, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamənin preambulasının 8-ci bəndi, 10 oktyabr 1993-cü il tarixli 874 saylı qətnamənin preambulasının 5-ci bəndi, 2 noyabr 1993-cü il tarixli 884 saylı qətnamənin preambulasının 6-cı bəndi). Həmçinin, bu qətnamələrdə beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yol verilməzliyi vurğulanaraq, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması” tələb edilib.
Dövlətimiz bu qətnamələrin icrası üçün böyük diplomatik səylər göstərsə də, təəssüf ki, təcavüzkar Ermənistan militarist siyasətini davam etdirərək, hərbi təxribatlar törətməyə üstünlük verib. Əlbəttə ki, belə şəraitdə yeganə çıxış yolu beynəlxalq hüququn hamılıqla tanınan təməl prinsiplərinin hərbi yolla bərpa edilməsi idi və müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsi ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sülhü və tarixi ədaləti bərpa etdi.
Azərbaycanın haqlı mövqeyinin müdafiəsində ən mühüm məqamlardan biri də, qardaş Türkiyə xalqının və dövlətinin böyük siyasi və mənəvi dəstəyi olub. Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan silahlı qüvvələrimizin həyata keçirdiyi əks-hücum tədbirlərinin ilk saatlarından birmənalı olaraq qeyd edib ki, bu müharibədə Azərbaycan tək deyil və Türkiyə hər zaman bizim yanımızdadır. Belə mövqe bir daha iki dövlətin birliyinin, qardaşlığının təzahürü olub.
Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də, uzun illər boyu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən regionda beynəlxalq təhlükəsizliyin təmin edilməsi üzrə diplomatik strategiyanın öz bəhrəsini verməsidir. Azərbaycan Respublikası bir çox beynəlxalq platformalarda əhəmiyyətli addımlar atıb və bunun nəticəsi olaraq BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər nüfuzlu təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı olaraq dəstəklənib. Əlbəttə ki, belə yanaşma münaqişənin həlli üçün vacib olan hüquqi zəmin və siyasi konsensus yaradıb.
Torpaqlarımızın erməni işğalından azad edilməsi istər Azərbaycanın, istərsə də ümumilikdə regionun yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir və artıq bizi böyük quruculuq işləri gözləyir. Tam əminliklə demək olar ki, dövlətimiz bu tarixi missiyanı də böyük müvəffəqiyyətlə həyata keçirəcək və regionda yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıracaq.
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru