ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir.
Bir ildən artıq idi ki, regiona gəlməyən ATƏT-in Minsk qrupunun həmsədrləri bu dəfə artıq yeni vəziyyətlə qarşılaşdılar.
Otuz ilə yaxın idi ki, xalqımızı ciddi narahat edən, ən ağrılı problemə çevrilən Dağlıq Qarabağ münaqişəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində öz həllini tapdı. Prezident İlham Əliyev bu faktı bir daha ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündə onların diqqətinə çatdırdı.
Dedi ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi – diplomatic vasitələrlə nail oldu. Cənab Prezident bildirdi ki, “Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi”.
Hadisələrin gedişi də göstərdi ki, Minsk qrupunun əsas missiyası bu müddət ərzində eyni sözlərdən ibarət olan bəyanatlar vermək, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, sərhədboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağı, dinc əhalini qətlə yetirməyi seyr etməkdən ibarət imiş. Azərbaycan haqlı olduğunu dünyaya göstərdi. Bu qədər qətnamə və qərarların qəbul olunmasından sonra bu illər ərzində münaqişənin həll istiqamətində heç bir irəliləyişin nəzərə çarpmamasının əsas səbəbi indi hər kəsə aydındır: dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiya. Dövlət başçımızın qətiyyəti bunları da darmadağın etdi.
Möhtərəm Prezidentimiz ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə bir daha çatdırdı ki, xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Azərbaycan işğalçı Ermənistanın və onun havadarlarının 30 illik yalanlarına, vaxt qazanmaq üçün imitasiya naminə danışıqların aparılmasına 44 günlük müharibə ilə son qoydu. 30 ildə yaradılan beynəlxalq hüququn, ədalətin yoxluğu görüntüsünü haqqı-ədaləti bərpa etməklə puç etdi. Azərbaycan dünyaya göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur. Onların icrası zaman və məkana görə deyil, vahid mexanizm əsasında həyata keçirilməlidir. Dünya dövlətlərinin xarici siyasətinin yenidən formalaşması Azərbaycanın qətiyyətli mövqeyinin, beynəlxalq aləmə ünvanladığı ədalət çağırışının nəticəsidir. Minsk qrupunun gələcək taleynin isə Azərbaycanla razılaşdırlması artıq bir faktdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov