İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) nəqliyyat nazirlərinin növbəti görüşü onlayn formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Unikal.org-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, İran İslam Respublikasının yol və şəhərsalma naziri, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri, Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri, Əfqanıstan İslam Respublikasının nəqliyyat və mülki aviasiya naziri və təşkilata üzv olan digər dövlətlərin müvafiq sahə üzrə rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin əvvəlində İƏT-in Baş katibi Hadi Süleymanpur salamlama nitqi ilə çıxış edərək təşkilat çərçivəsində nəqliyyat sahəsində görülmüş işlər və qarşıda duran məsələlər barədə iştirakçılara məlumat verib.

İclasın əsas mövzusu İƏT regionu ölkələrində “COVID-19” pandemiyası nəticəsində beynəlxalq daşımalarda yaranmış çətinliklər və məhdudiyyətlər, onların aradan qaldırılması istiqamətində atılmış addımlar, eləcə də birgə görüləcək işlər olub.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30 ildir ki regionda sülhə və təhlükəsizliyə təhdid olan Dağlıq Qarabağ münaqişəsinin noyabrın 10-da imzalanan birgə bəyanatla başa çatdığını qeyd edib. “Azərbaycan 44 gün davam edən Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etdi. İşğal altındakı ərazilərini azad edərək İranla dövlət sərhədinin tam nəzarətə götürülməsini təmin etdi”.

Hazırda işğaldan azad olunmuş ərazilərdə yeni mərhələnin başladığını deyən nazir ermənilər tərəfindən dağıdılan ərazilərin yenidən qurulacağını və infrastrukturun bərpa ediləcəyini vurğulayıb. “Tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndinə aparan Bərdə – Ağdam dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. Bunlar hələ ilk layihələrdir”, – deyən nazir qarşıda bu istiqamətdə atılacaq addımların çox olduğunu vurğulayıb.

Nazir Ramin Quluzadə, həmçinin ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə həyata keçirilən fəaliyyət və layihələr, pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması sahəsində görülmüş işlər barədə də ətraflı məlumat verib. Nazir beynəlxalq daşımaların asanlaşdırılması üzrə təkliflərini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və “COVID-19” pandemiyası dövründə birgə tədbirləri nəzərdə tutan bəyanat qəbul edilib.