Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Beynəlxalq çay Gününə həsr olunmuş onlayn tələbə seminarı keçirib.

Unikal.org xəbər verir ki, seminardada Kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivlərindən söz açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu əməkdaşlığın xüsusilə Azərbaycan çayının inkişafı baxımından əhəmiyyətini qeyd edib.

O, Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatların aparılması sahəsində Ümummilli lider Heydər Əliyevin təşəbbüslərini xüsusilə vurğulayıb. 1970-82-ci illərdə ölkədə çayın həm maddi, həm də texniki bazası yaradılıb. Bu illərdə istifadəyə verilmiş "Xanbulançay", "Viləşçay" kimi dəryaçalar məhz çayçılığın inkişafı üçün tikilmişdi. Bildirib ki, ixrac potensialının artırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "2018-2027-ci illərdə Azərbaycan Respublikasında çay sənayesinin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi xüsusi önəmə malikdir.

R. Abbasov Çin çayının ən qədim növü sayılan Puerin ölkənin daxili bölgələrindən Tibetə və daha da qərbə nəql edilməsi, karvan yollarının bir hissəsi olan “qədim çay yolu” haqqında danışıb. O, Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibəti ilə keçirilən II Beynəlxalq çay festivalında iştirak etməsini diqqətə çatdlırıb, Çin və Azərbaycan çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan və  Çin çay mədəniyyəti, bitkiçiliyin quruluşu və inkişafı, çayiçmə ənənələri, çay hazırlama üsulları, çay ilə bağlı əfsanələri, çay növlərinin xüsusiyyətləri barədə məlumat verib.

Seminarda Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakından, Azərbaycan və Çin çay mədəniyyəti haqqında videogörüntülər nümayiş olunub.