Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb. 

Ombudsman Aparatından Unikal.org-a verilən xəbərə görə, müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsir və girovların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycan tərəfinə qaytarılması tələb edilib.

Məlum olduğu kimi, 14 dekabr 2020-ci il tarixdə 2014-cü ildən girovluqda olan, Azərbaycan Ombudsmanının müntəzəm olaraq barələrində məsələni diqqətdə saxladığı Dilgəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən müharibəsində əsir düşmüş 12 nəfər hərbi qulluqçumuz azad olunaraq Bakıya gətirilib.

Ombudsman 15 dekabr 2020-ci il tarixdə bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə həmin şəxslərlə görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.

Ombudsman Səbinə Əliyeva müəssisə rəhbərliyi ilə görüşdə də bu şəxslərin səhhəti və onlara göstərilən reabilitasiya və digər yardımlar barədə maraqlanıb.