Zaur Hüseynov vətənin bütövlüyü uğrunda savaşıb, hətta torpaqlarımızın tam azad olunması üçün canından belə keçməyə hazır olub.
Unikal.org xəbər verir ki, şəhid Zaur Hüseynov 1995-ci il iyunun 24-ü Masallı rayonu, Hişgədərə kəndində dünyaya göz açıb.
Ailədə iki qardaş olan Zaur 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2014-cü ildə liseyi bitirdikdən sonra həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hərb sənətinə yiyələnən zabit Zaur Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Ağcabədi rayonunda yerləşən "N"saylı hərbi hissədə hərbi xidmətə başlayıb.
Füzuli rayonu, Alxanlı kəndi istiqamətində düşmənin 7 postunun alınmasında iştirak edən leytenant Zaur Hüseynov Tovuz döyüşlərinin də iştirakçısı olub. Ancaq o, döyüşdə iştirak etməyini öz ailəsindən gizli saxlayıb. Vətən müharibəsi başlayan günü anasına zəng edərək deyib ki, təlimə gedir. Ancaq qəhrəman zabitimiz Zaur Hüseynov bu dəfə də təlimə deyil, yağı düşməni işğal olunmuş torpaqlarımızdan qovmaq üçün gedibmiş.
Əsgərləri üçün təkcə komandir yox, həm də böyük qardaş olan leytenant Zaur Hüseynov hamı üçün mərd, cəsur, ailəsinə bağlı bir insan olub.
Həyat yoldaşı Aytən Hüseynova deyir ki, torpaqlarımızın alınmasında Zaurun da əməyi olduğu üçün onunla fəxr edir. İndi Zaurdan vətənə və ailəsinə əmanət qoyduğu 1 yaşlı qız övladı yadigar qalıb.
44 günlük Vətən müharibəsində Hişgədərə kəndi dörd şəhid verib. İndi onlar kəndin mərkəzində olan qəbiristanlıqda uyuyurlar.