Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Unikal.org-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 4 ağacın kəsildiyi və təbiətə 1560  manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Sumqayıt şəhər prokurorluğuna göndərilib”.

B.Məhəmmədov yaşıllıqların qayğısına qalan və onların mühafizəsinə həssas münasibət göstərərək Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkür edib.