Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “World Net Summit” adlı beynəlxalq onlayn konfrans baş tutub.
NRYTN-dən Unikal.org-a bildirilib ki, tədbirdə dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, nazirlər, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə dünyanın ilk süni intellektli humanoid robotu “Sofiya”, “Hanson Robotiks” şirkətinin yaradıcısı David Hanson, “Baykar Makina” şirkətinin texniki direktoru Selcuk Bayraktar və digər xarici ekspertlər iştirak ediblər.
Onlayn tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. Nazir qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunan bölgələrinin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində regional əməkdaşlığı inkişaf etdirir.
Ramin Quluzadə müasir texnologiyaların günümüzün əsas problemlərindən biri olan koronavirusun həllində mühüm rol oynadığını, rəqəmsal texnologiyaların pandemiyanın iqtisadi və sosial nəticələrinin daha ağır olmasının qarşısını aldığını diqqətə çatdırıb.
Ramin Quluzadə əlavə edib ki, ölkədə “ağıllı şəhər” həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
Nazir çıxışının sonunda qeyd edib ki, rəqəmsal texnologiyalar, pandemiyadan sonrakı dövrdə daha etibarlı, əlaqələndirilmiş və dayanıqlı dünyanın yenidən qurulmasında mühüm rol oynayacaq. Bunun üçün hökumətlərin yeni strategiyalar və uzunmüddətli proqramlar üzərində işləmələri və fəal əməkdaşlıq etmələrinə ehtiyac var.
Daha sonra “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı robot-humanoid “Sofiya” çıxış edib. O, ən böyük onlayn texnologiya tədbiri olan “World Net Summit”in təşkilini yüksək qiymətləndirib. “Sofiya” Azərbaycanın gənc və perspektivli ölkə olduğunu qeyd edərək, innovasiya ekosisteminin inkişafına verilən töhfələri müsbət dəyərləndirib.
“Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selcuk Bayraktar çıxışında bir daha Azərbaycanı parlaq qələbəsi münasibətilə təbrik edib. O, startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edib.
İki gün davam edəcək “World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/). Sabahkı konfransda dünyaca məşhur “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak, “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.