2020-ci ilin mart-oktyabr ayları ərzində İcbari Tibbi sığorta Üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə ümumilikdə 123 milyon 331 min manat məbləğində müddətli əlavə və mükafatlar ödənilib. 

Unikal.org xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb. Bildirilir ki, tibb heyətinə dəstək və yeni növ koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Prezidentinin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq bir neçə ölkədən tibb mütəxəssisləri Azərbaycana dəvət ediliblər. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş ölkə Türkiyədən, Rusiyadan, Kubadan, Çindən və İtaliyadan ümumilikdə 361 nəfər ölkədə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar.