Ermənistan Ordusunun bərpa olunmasına ən azı 2-3 il vaxt lazımdır, amma bu vaxt ərzində hərbi əməliyyatlara gedəcək axmaq tapılmayacaq.

Unikal.org “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vətənin qurtuluşu üzrə Hərəkatından ölkənin baş naziri vəzifəsinə namizəd Vazgen Manukyan deyib.

"Bəzən deyirlər: əgər Nikol Paşinyan vəzifədən getsə, başqaları gəlsə, müharibə yenidən başlayacaq. Xeyr, belə ordu ilə kim müharibəyə başlayacaq?”, - o deyib.

Vazgen Manukyan bildirib ki, Ermənistan orduya malik olmalıdır, bunsuz dövlət ola bilməz.

Onun sözlərinə görə, rəsmi Yerevan son zamanlar Rusiya, Çin və İranla bağlı yanlış diplomatik siyasət yürüdüb. "Bütün bunlar ABŞ-ın xoşuna gəlmək üçün hazırlanırdı, bəs biz nəticədə nə əldə etdik? Heç nə, hər şey itirildi, yad oyunun oyuncağı oldu”.

Vazgen Manukyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır. Ona görə ki, siyasi riyaziyyat bunu tələb edir.