Yerevan Məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin Ermənistan parlamentinin keçmiş deputatı Vaan Badasyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.
Unikal.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Araik Papikyan bildirib. Buna səbəb keçmiş deputatın baş nazir Nikol Paşinyan barəsində fikirləri olub.
Yanvarın 28-də jurnalistlərlə söhbət edən Vaan Badasyan deyib ki, baş nazir Nikol Paşinyan hakimiyyətdən getməlidir. "Əgər getməsə, onda biz onu silahın köməyi ilə fiziki şəkildə məhv edəcəyik. Mən prosesi təşkil etməyə başlayacam", - deyə o qeyd edib.
Vaan Badasyan bundan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sabiq deputat Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə, ərazi bütövlüyünü pozma və ya Konstitusiya quruluşunu zorla devirmə çağırışı) ilə ittiham olunub. Badasyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.