"Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam".
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turuna dəvət almaması barədə danışarkən deyib.
Məmmədyarov bunun qəribə hal olduğunu bildirib: "Elə bir idman növü olmaz ki, sən "Top-10"da olasan, amma bu cür turnirə dəvət almayasan. Turniri "chess24" saytı keçirir. Bu sayt da Karlsenə aiddir. Saytın heç bir yarışında qüvvəmi sınamamışam. Məndən fərqli, Teymur Rəcəbov isə burada çox aktiv iştirak edir. Fikirləşirdim ki, dəvət almamağım saytla əməkdaşlıq etməməyimdən irəli gələ bilər".
36 yaşlı şahmatçı Çempionlar Turunun qarşıdakı mərhələlərində iştirak edəcəyini söyləyib: "Təşkilatçılar mənə yazdılar və turnirə dəvət etdilər. Açığı, özümə də qəribə gəldi. İndiyədək olmayıbsa, bundan sonra necə oldu. Mənimlə Karlsen özü şəxsən maraqlanıb, soruşub ki, Şəhriyar niyə yoxdur. Təşkilatçılar, sponsorlar kimi görmək istəyirlərsə, onu dəvət edirlər. Təəssüf ki, mənə dəvət gəlməyib. Amma qarşıdakı aylarda mən də Çempionlar Turunda çıxış edəcəyəm".