“The Daily Tribune-News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransından bəhs edən “İkinci Qarabağ müharibəsində sonra regionda vəziyyət” sərlövhəli məqaləsi dərc olunub.
Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında regionda müharibədən sonrakı vəziyyəti təhlil etdiyi vurğulanan məqalədə dövlətimizin başçısından Ermənistanda yaranmış gərgin şərait barədə sitat verilib: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”.
Müəllif qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanda yaranmış gərgin vəziyyətin bu ölkənin həm keçmiş, həm də indiki rəhbərliyinin siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Dövlət başçısı əlavə edib ki, regionda dayanıqlı sülhü təmin etmək üçün Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Ermənistanın ərazisindən keçəcək Zəngəzur dəhlizinin tikintisi həyata keçiriləcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərindən bəhs edən Azərbaycan Prezidenti bildirib ki, bu ilin sonunadək Zəngilan rayonunda üç “ağıllı kənd” salınacaq, aeroport inşa ediləcək və bu ərazi logistika və nəqliyyat mərkəzinə çevriləcək, ermənilərin dağıtdığı Ağdam şəhəri bərpa ediləcək, Laçın və Füzulidə aeroport inşa ediləcək.
Məqalədə Prezident İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizə, peyvəndləmə haqqında fikirləri də yer alıb. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı Cənubi Qafqazda ilk peyvəndləmə kampaniyasının məhz Azərbaycanda başladığını bəyan edib. Bundan başqa, ötən ilin dekabrında Azərbaycanın 150 ölkə tərəfindən dəstəklənən təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə bağlı sessiyası keçirilib. Ölkəmizin təşəbbüsü ilə peyvəndin bütün ölkələr və insanlar üçün əlçatan olması Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində də müzakirə edilib.