Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə telefon söhbəti baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Unikal.org-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib.
Nazir Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək, Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.
Polşa naziri Zbiqnyev Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.