Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə bildirib ki, ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır:

“Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır. Dünyadakı birillik təcrübə onu göstərdi ki, sərt karantin rejimlərinin tətbiqindən daha çox, insanların şəxsi gigiyenik qaydalara riayət edərək qabaqlayıcı tədbirlər görməsi, eləcə də cəmiyyətin böyük bir hissəsinin virusa qarşı mübarizəyə məsuliyyətlə yanaşması müəyyən nəticə verə bilər. Arzu edək ki, bundan sonrakı günlərdə bu rəqəmlər artmadan, ölkə səhiyyəsinin qaldıra biləcəyi şəkildə mübarizəni davam etdirək və ən qısa müddət çərçivəsində xəstə sayının yenidən azalmasını müşahidə edək”.