Son bir ildə siyasi arenada iqtidarla müxalifət arasındakı buzlar əriməyə başlayıb. İqtidarın müxalifət partiyalarının böyük əksəriyyəti ilə təmaslar qurması, dialoq mühitinin yaranması müsbət qarşılanır. “Unikal” qəzetinə müsahibə verən Liberal Partiyanın sədri Əvəz Temirxanla söhbətə də elə bu mövzudan başladıq.
Unikal.org həmin müsahibəni təqdim edir.
-Əvəz bəy, hazırda iqtidarla müxalifət arasında dialoq mühiti yaranıb. Müəyyən təmaslarınız olub. Mövcud durumu necə dəyərləndirirsiniz?
- Bəzi partiyalarla təmaslar, xüsusən Vətən müharibəsi günlərində olub, amma, hələlik dialoqun özü yoxdur. Çünki dialoqun əsas şərtlərindən biri olan qarşılıqlı hörmət yoxdur. Qarşılıqlı hörmət olmayan yerdə isə dialoq baş tutmur, müsbət nəticəli olmur. Dialoq iki tərəfin, yəni indiki halda iqtidarın və müxalifətin konkret predmetli, “beyin hücumlu”, gerçək, müsbət nəticəli müzakirələri deməkdir. Buna doğru isə hələ çox yol getməliyik. Amma artıq bir sıra nəticələr var: müxalifət partiyalarının Vətən Müharibəsi günlərində iqtidarı birmənalı dəstəkləməsi, xalqımıza, Milli Ordumuza “siyasilər bir yerdədir” ismarıcının verilməsi və Fransa tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının qarşısının alınmasında müxalifətin də töhfəsi az deyil.
- Uzun illər bu hakimiyyətlə danışmağın mümkün olmadığını deyirdiniz. Hakimiyyət prinsiplərini dəyişib, yoxsa sizin yanaşmanız dəyişib?
-Ordu quruculuğunda iqtidar bizim tezisləri qismən qəbul edib, bizim haqlı olduğumuzu, şəxsi maraqlarımızı milli maraqlarımıza əbəs yerə vermədiyimizi sübut edib. Yadınızdadırsa, 2001-ci ildə Qarabağ məsələsinin Milli Məclisdə müzakirəsi zamanı, Azərbayan və Ermənistan prezidentlərinin Ki-Vest danışığından əvvəl cəmiyyətdə bir çaşqınlıq, narahatlıq var idi. Çoxları düşünürdü ki, “Qarabağ birdəfəlik əldən getdi”. Partiyaların mütləq əksəriyyəti müharibə tələb etmirdi. İqtidar da çaşqınlıq, inamsızlıq içində idi. Cəmiyyətdə söz gəzirdi ki, guya ABŞ prezidenti C.Buş mərhum prezident H.Əliyevə deyib ki, əgər o Ermənistanla “ümumi dövlət” prinsipi əsasında sülh müqaviləsini imzalasa, Azərbaycan müxalifətinin susacağını təmin edəcəyinə söz verib. O zaman siyasi partiya rəbərlərindən yalnız Lalə Şövkət Qarabağ probleminin müharibə yolu həllini dilə gətirirdi. O, ANS tv-də çıxışında dedi ki, torpaqsız sülh təslimçilikdir, kapitulyasiyadır. Azərbaycan kapitulyasiyaya getməməlidir. O, iqtidarı təpərli, ardıcıl olmağa, təslimçi sülhü imzalamamağa çağırırdı. Bəzi iqtidar mənsubları guya müharibəni təbliğ etdiyinə görə Lalə Şövkətin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdilər. Guya Azərbaycan xalqı müharibə yolu ilə Qarabağın azad olunmasını istəmirdi, bütün Azərbaycanda müharibə istəyənlərin hamısını yalnız bir avtobusa yığmaq olar, deyirdilər. Yadımdadır, bəzi iqtidar jurnalistləri mənə zəng edib, təslimçiliyi təbliğ edən, ona dəstək verən müsahibə istəyirdilər. Deyirdilər ki, biz müharibəni ermənilərə uduzmuşuq, başqa çarəmiz yoxdur. 2003-cü ildə prezidentliyə namizədlər arasında yalnız Lalə Şövkət prezident seçiləcəyi təqdirdə 2 ilə Qarabağı azad etməsə, istefaya gedəcəyinə söz verirdi.
Yeri gəlmişkən, o zaman Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in həmsədrlərinin iştirakı ilə Ki-Vest görüşündən əvvəl 12 may 2001-ci ildə “Ya Qarabağ, ya ölüm” şüarını səsləndirdiyimə görə məni və bir sıra partiyadaşlarımı mitinqdə tutmuşdular. Zaman isə göstərdi ki, biz haqlıyıq və bizim Qrabağa dair tezislərimizin bir qisminin qəbul edildiyinə görə Ermənsitana qalib gəldik. Bizim prinsipimiz, yanaşmamız isə dəyişməz qalır – milli birlik. İqtidar indi bir qədər yumşalıb, bəzi məsələlərdə iqtidar-müxalifət məsləhətləşmələrinə meyllənib.
-Ancaq bəzi müxalifət qüvvələri, xüsusən də Milli Şura və AXCP rəhbərliyi hakimiyyətlə dialoqa gələnləri müxalifət hesab eləmir, hətta əl müxalifəti də adlandırırlar. Bu barədə nə deyə bilərsiz?
- Biz yalnız bizi yumruq kimi birləşdirən, çəkişməni, yəni, problemlər üzərinə ümummilli “beyin hücumunu” qəbul edə bilərik. Mənasız, zərərli cəmiyyətdaxili, iqtidarın müxalifətlə çəkişməsinin, xüsusən müxlifətdaxili çəkişməni qəbul etmirik. Azərbaycanda hamı biri-birinin siyasi tarixçəsini yaxşı bilir, kimin əl müxalifəti, cib müxalifəti, mandat müxalifəti, saxta müxalifət, nazir-məmur müxalifəti olduğunu hamı yaxşı bilir. Xalq kimin müxalifətə hardan, hansı mövqedən, vəzifədən və ya onun yoxluğundan, çarəsizlikdən gəldiyini yaxşı bilir. Düşünürəm ki, xatırlanan iradlar bizim ünvanımıza deyilməyib. Ona görə də ünvanlı şərhə də ehtiyac yoxdur. AXCP və Milli Şura da Vətən müharibəsi günlərində iqtidara ayrıca olaraq dəstək verib. Qələbə ilə nəticələnmiş Vətən müharibəsindən sonra bütün siyasi partiyalar və qüvvələr, ilk növbədə iqtidar, biri-birinə münasibətinə yenidən baxmalı, elektronika leksikonu ilə desək, necə deyərlər, onları yenidən yükləməlidir. Biz qalib millətik və hamımız bir yerdə olmalıyıq, çəkici bir yerə vurmalıyıq ki, qələbəmizi əlimizdən almasınlar. Biz döyüş meydanında misilsiz qələbə qazanmışıq. Amma, hələ o qələbəni legitimləşdirən sülh müqaviləsi yoxdur. Üçüncü Qarabağ müharibəsi ehtimalı var. Ona hazır olmaq üçün biz milli birliyə nail olmalı, ordumuzu daha da güclədirməli, demokratik islahatlar keçirməli, güclü iqtisadiyyat qurmalı və beynəlxalq əlaqələrimizi daha da genişləndirməliyik. Gecə - gündüz, dayanmadan çalışmalıyıq. Əminəm ki, hərbi qələbəni qazandığımız kimi tam diplomatik qələbəni də qazanacağıq. Biz heç kimə müxalifətçilik dərsi demək iddiasında olmamışıq və heç kimin də müxalifətçilik “müəllimliyini” qəbul etmirik. Lalə Şövkətin bir deyimi var: “Mən özümü xalqıma qurban vermişəm”.
- Vətən Müharibəsindən sonra fərqli bir mühitin, fərqli idarəetmənin olacağını düşünürdük. Amma sosial ədalətsizlik, qanunsuzluq, rüşvətxorluq hələ də qalır. Nə baş verməlidir ki, bu problemlər həllini tapsın?
-Sosial ədalətsizlik 1 gün ərzində yox olmur, olmayacaq da. Ancaq, buna qarşı dayanmadan çalışmaq lazımdır. Heç kimin, xüsusən də siyasi opponentlərin, şəxsiyyətinə toxunmaq olmaz. Bu məmur özbaşınalığının qarşısını almaq üçün zəruridir. İlk növbədə prezident İlham Əliyev ona və Azərbaycana verilmiş tarixi, misilsiz fürsətdən istifadə etməli, şəxsən köklü islahatlar keçirməyə dair ortaya birmənalı mövqe qoymalı, xalqın arasında olmalı, onu inandırmalıdır ki, islahatlar ciddidir, dönməzdir. Unutmaq olmaz ki, bu fürsət hər gün “əriyir”, yəni, korrupsiya və sosial ədalətsizlik “yeni fazada” tüğyan etdiyindən iqtidarın qələbə reytinqi günbəgün aşağı düşür, ona inam azalır, onun islahatlara başlaması fikri illüziyaya, xəyal qırıqlığına çevrilir, yox olur. Hakimiyyət vaxt resursundan faydalı istifadə etmir.
- Hakimiyyətlə dialoq olarsa, hansı məsələni qaldırarsınız? Onların müsbət həll olunmasına inamınız nə qədərdir?
-Lalə Şəvkətin rəhbərliyilə ALP-nin “beyin mərkəzi” çoxsaylı islahat təklifləri hazırlayıb. Biz onların hamısını bütün cəmiyyətlə bölüşməyə hazırıq. Könül istərdi ki, 2021-2025-ci illər siyasi barış, milli birlik, köklü islahatların 5-illiyi elan edilsin. Gəlin, başlanğıc üçün hamımız heç olmasa, 1 il ərzində, opponentlərimizi “beyin hücumu” qaydasında, yəni, şəxsiyyətinə toxunmadan, təhqirsiz, aşağılmasız, tənqid edək. Unutmayaq ki, dilimizə ərəb dilindən keçmiş tənqid sözünün mənası olanı deməkdir, kiməsə böhtan atmaq-atdırmaq, onu təhqir etmək-etdirmək deyil. Əgər ölkə rəhbərliyi iqtidar-müxalifət təmaslarının, məsləhətləşmələrin yeni fazasına – predmetli müzakirəsinə başlasa, bizim çoxsaylı islahat təkliflərimiz var. Bütün problemlərin müzakirəsi kollektiv ağılla, “beyin hücumu qaydasında”, 2021-2025-ci illəri milli barış, birlik, islahat illəri elan etməklə həll etməliyik. Azərbaycana rəhbərlik etmiş bütün şəxslərin, onların ailə üzvlərinin, yaxın qohumlarının şəxsi təhlükəsizliyini, siyasi fəlaiyyətini, hüquqlarını o cümlədən maddi hüquqlarını təmin edən maliyyə amnistiyası haqqında qanunu ictimai müzakirədən sonra qəbul etməliyik. Biz təkcə siyasi partiyaların deyil, ölkənin tarixində iz qoymuş bütün nəsillərin və hətta ailələrin barışına nail olmalıyıq və bu haqda bizdə konkret təkliflər var. Bunlaran yalnız birini açıram, bu mənim şəxsi təklifimdir. .
-Əgər hakimiyyətlə bu təmaslar nəticə verməsə, yenidən radikal mövqeyə qayıdacaqsız, yoxsa dil taparaq ölkənin gələcəyi üçün yeni yollar arayacaqsız?
-Bizim həm iqtidarda olarkən, həm də müxalifətdə “radikallığımız” yalnız xalqa ən yaxşı tərzdə xidmət etməklə olub.
Söhbətləşdi: Zaur Əhməd