Türkiyədə karantin qaydalarını pozaraq 1 May - Əmək və Həmrəylik Günü münasibətilə İstanbulun Taksim Meydanında yürüş etmək istəyən 212 nəfər saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən bildirir ki, , bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə fəaliyyət göstərən HAK-İŞ, TÜRK-İŞ, Birləşmiş Dövlət İş konfederasiyaları, Vətən Partiyası və bir sıra digər qurumlar tərəfindən Əmək və Həmrəylik Günü münasibətilə Taksim Meydanında tədbir keçirilməsi ilə bağlı valilikdən rəsmi icazə alınıb. İcazə çərçivəsində adıçəkilən qurumlar tərəfindən meydanda əvvəlcədən müəyyən edilmiş saatlarda məhdud sayda insanla anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Ölkədə tam qapanma ilə əlaqədar qəbul edilən qərarları pozaraq və təhlükəsizlik qüvvələri tərəfindən edilən bütün xəbərdarlıqlara baxmayaraq, nümayiş keçirmək üçün ərazidə toplanan 212 nəfər saxlanılıb. Onlar barəsində hüquqi cəza tətbiq edilib.