Qədim dövlətçilik ənənələrinə  sahib olan Azərbaycan xalqı 103 il bundan öncə Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz izlər buraxmışdır. 1991-cı ildə xalqımız yenidən öz müstəqilliyini əldə etdi. 
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Respublikamız cənab Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində uğurla inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevirilib.

Məlum olduğu kimi müstəqilliyimizin ilk illərində ölkəmiz bir sıra problemlərlə üzləşmiş, 20 faiz ərazimiz Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışsa da Ermənistan 30 ilə yaxın müddətdə müxtəif bəhanələrlə danışıqlardan yayınır, torpaqlarımızı işğaldan azad etmək istəmirdi. 

Prezident cənab İlham Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycan öz əzəli torpaqlarını istər sülh, istərsə də hərb yolu ilə işğaldan azad edəcəkdir. Məhz bunun üçün də davamlı olaraq ölkə iqtisadiyyatı gücləndirilir, ən müasir formada orduquruculuğu həyata keçirilirdi. 27 sentyabrda başlanan Vətən Müharibəsi isə Azərbaycanın  gücünü işğalçı Ermənistanla yanaşı  bütün dünyaya nümayiş etdirmiş oldu. 

Artıq xalqımız Azərbyacan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü  müstəqil Respublikamızın ərazi bütövlüyü və suverenliyi təmin olunmuş  formada qeyd edir. Vətən Müharibəsində əldə etdiyi möhtəşəm Zəfəri ilə regionda və eləcə də dünyada yeni reallıqlar yaradan Azərbaycan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində regionda yeni güc mərkəzinə çevirilmişdir. Məhz bunun üçün dünya ölkələri ölkəmizlə daha yaxından əməkdaşlıq etməyə və münasibətləri daha da inkişaf etdirməyə maraq göstərirlər. Azərbaycan coğrafi cəhətdən elə də böyük ölkə olmasa da yürüdülən uğurlu siyasət nəticəsində dünyanın siyasi xəritəsində böyük əhəmiyyətə malik olan ölkələrdən birinə çevirilib.

Cənab Prezident İlham Əliyevin beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış etməsi, yaranan müasir çağırışlara operativ münasibət bildirməsi, həmçinin hər zaman humanizm prinsiplərinə əsaslanması müstəqil Azərbaycan dövlətinə qarşı dünya ölkələrinin diqqətini daha da artırır. Bütün bu yüksək keyfiyyətlər cənab İlham Əliyevin dünya miqyasında tanınan siyasətçilərdən biri olmasına səbəb olub.

28 may Respublika Günü münasibətilə cənab Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktublarına nəzər saldıqda bir daha yuxarıda qeyd olunanların praktiki şahidi olmaq mümkündür. ABŞ, Çin, İtaliya, Rusiya, İran və sair ölkələrin prezidentləri tərəfindən ünvanlanmış təbrik məktublarına diqqət etdikdə görmək mümkündür ki, adı çəkilən hər bir ölkə Azərbaycanla əməkdaşlıqda, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdırlar. 

ABŞ prezidentinin Novruz bayramı və 28 may Respublika Günü münasibəti ilə ünvanlamış olduğu təbrik məktublarında Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlı olduğunu qeyd edir. Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən açıq şəkildə etiraf olunur. ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır. Bütün bu fikirlərdən bəlli olur ki, ABŞ Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır və gələcək münasibətlərin daha da inkişaf etdirilməsinə töhfələr verməyə hazırdır. 

Cənab Prezident İlham Əliyevin ümumbəşəri dəyərlərə  xidmət edən siyasət həyata keçirməsi  bir-birinə əks-qütblü ölkələrin Azərbaycanla eyni maraqlar çərçivəsində əməkdaşlıq etməsini təmin edir ki, bu da öz növbəsində regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə  xidmət edir. 

ABŞ-ın rəqabət apardığı Rusiya və Çin kimi ölkələrin də ölkəmizlə eyni tərzdə əməkdaşlıqda maraqlı olmaları özlüyündə Azərbaycanın bir daha  müstəqil siyasət yürütməsini  sübut edir. 
Xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Rusiyanın  ölkəmizlə  strateji tərəfdaşlıqda, Çinin  isə “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində maraqlı olmaları  regionu hərbi risklərdən və təhdidlərdən qorumuş olur. 

Bir sözlə cənab Prezident İlham Əliyevin dünya miqyasında seçilən siyasətçi olması və həyata keçirilən uğurlu siyasət Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi nüfuzunun artmasına, regionun isə təhlükəsizliyinə gətirib çıxarır. 

Millət vəkili Cavid Osmanov