Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, yığıncaqda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayevin başqa işə keçməsi ilə əlaqədar növbədənkənar hesabat-seçki yığıncağının keçirilməsinə zərurətin yarandığını bildirib, H.Paşayevə Mərkəzi Seçki Komissiyasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzu edib.

Daha sonra yığıncağın gündəliyi təsdiq olunub. İlk olaraq, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı təqdim edən YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayev bildirib ki, təşkilat ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı ilə sıx əməkdaşlıq edib. YAP Həmkarlar İttifaqı Komitəsi iş planına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib, eyni zamanda işçilərin sosial müdafiəsinin və istirahətinin təmin olunması istiqamətində müvafiq addımlar atıb. Bununla belə, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə nəzərdə tutulan tədbirlərin tam reallaşdırılması mümkün olmayıb.

Yığıncaqda daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş komissiyasının sədri Mahir Abbasəliyevin hesabatı dinlənilib.

Müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Partiyanın Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsi müdirnin müavini Qara Qarakişiyev YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Yığıncaqda həmçinin, YAP Həmkarlar İttifaqının daimi komissiyaları formalaşdırılıb.