Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.
Unikal.org DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat verib, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib.
Qeyd olunub ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələr arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulmuş, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter alıb.
44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd edib.
Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.