24 iyun tarixində Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.
DSX-dən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Sərhəd Xidmətunin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzibati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataqxanasına, yeməkxanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avtomobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə fotoşəkilləri çəkilib.
Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilib.