"Mənim müsəlman icması ilə dostluq münasibətlərim var".
Unikal.org xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.
O, müsəlmanlara göstərdiyi dəstəyin sayəsində konkret nəticələrin əldə olunduğunu bildirib: “İlk dəfə baş nazir olduğum dövrdə müsəlman icmasına yalnız sözdə deyil, əməldə də maksimal dəstək göstərmişəm. Onlar üçün çox işlər görmüşəm və bunu davam etdirəcəm”.
Baş nazir onun hökumətə ilk dəfə başçılıq etdiyi illərdə yaradılmış Dini Məsələlər üzrə Agentliyin əsas dini konfessiyalarla səmərəli iş apardığını qeyd edib.
İ.Qaribaşvilinin sözlərinə görə, illərdir qeydiyyata alınmayan məscidlərlə bağlı problemlər aradan qaldırılacaq:
“Biz qeydiyyatsız məscidləri qanuniləşdirməyi planlaşdırırıq. İcmanı narahat edən digər cari məsələlərin də həlli nəzərdə tutulub”.