"Qəbul etdiyimiz qanunlar qarşıya qoyulan hədəfə çatırmı? Və ya hansı nəticələrə gətirib çıxarır? bunu araşdırırıqmı və ya araşdıra bilirikmi? - qanunvericilik prosesində vətəndaş iştirakçılığının təmin edilməsi bu istiqamətdə həll yolu ola bilər! Bildiyimiz kimi, Parlamentin əsas funksiyalarından biri hakimiyyətin qanunverici qolu kimi qanunlar qəbul etməkdir".

Unikal.org xəbər verir ki, bunu deputat Nurlan Həsənov deyib:

"Qanunlar qəbul edilmədən öncə biz deputatlar olaraq qanunları müzakirə edirik. Lakin, qəbul edilən qanunların təcrübədə cəmiyyətə, dövlətimizə təsir imkanları və ya qanunun nəzərdə tutulan hədəfə çatması necə araşdırılır? Məsələn, qəbul etdiyimiz qanun hansı problemlərin həllinə kömək etdi, yoxsa yeni problemlərin yaranmasına səbəb oldu bilmirik! Bəzən müzakirə edib teoriyada düzgün olduğunu düşündüyümüz hər hansı bir qanun praktikada düşündüyümüz nəticəni verməyə də bilər və hətda qəbul etdiyimiz qanun yeni problemlərin yaranmasına gətirib çıxara bilər. Bəzən beynəlxalq təcrübədən istifadə edərək qanunlar qəbul edirik, lakin bu kimi qanunların bizim cəmiyyətdə yerli şərait nəzərə alındığı zaman necə təsir edəcəyini də proqnozlaşdırmaq çətin olur. Bu baxımdan qəbul edilən qanunlar və qanunlara edilən əhəmiyyətli məzmun dəyişiklərinin sonrakı təsirləri araşdırılmalıdır. Beynəlxalq təcrübədə bu növ fəaliyyət bir çox ölkələrin Parlamentində mövcuddur. Məsələn Almaniya Parlamentində Petisiya komitəsi mövcuddur və mən tələbə vaxtı məhz həmin komitədə iş təcrübəsi keçmişəm. Vətəndaşlar mövcud qanunlarla bağlı şikayətlərini və ya təkliflərini Parlamentə ünvanlaya bilirlər. Bu komitə Parlament üçün bir növ seysmoqraf rolunu oynayır. Eyni zamanda bu qanunvericilik prosesində vətəndaş iştirakçılığını da təmin edir. Gələcəkdə bu istiqamətdə işlər görməklə qanunvericilik keyfiyyətini və səmərəliliyini daha da artıra bilərik".