Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın və Şimali Atlantika Alyansının Əfqanıstandakı missiyasının uğursuz olduğunu və bu ölkədəki vəziyyətin sürətlə pisləşərək hökumətin nəzarətindən çıxdığını deyib.
Unikal.org xəbər verir ki, Sergey Şoyqu bu barədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.
"Əfqanıstanın şimal sərhədlərində baş verən hadisələr və əfqanların Tacikistan və Özbəkistan ərazisinə kütləvi köç etməsi, ABŞ ilə "Taliban" hərəkatı arasındakı razılaşmanın həyata keçirilmədiyini göstərir", - deyə Şoyqu bildirib.
Nazirin sözlərinə görə, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və praktiki olaraq hakimiyyətin nəzarətindən çıxır:
"Artıq "Taliban" ərazinin böyük hissəsinə nəzarət edir. Xüsusilə "İŞİD"in və digər beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının burada mövqelərinin güclənməsi narahatlıq doğurur. Beləliklə, ABŞ və NATO-nun Əfqanıstandakı missiyasının uğursuz olduğunu bildirməliyik", -deyə Rusiya müdafiə naziri vurğulayıb.