Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər.
Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.