Vəkil Coşqun İsgəndərovun Şirvan Apellyasiya Məhkəməsində polis tərəfədən döyülməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, polis əməkdaşları vəkilə təzyiq göstərərək ondan məhkəmə zalını tərk etməyi tələb ediblər.
Unikal.org xəbər verir ki, yayılan iddialara görə, C.İsgəndərov ittiham olunan Qabil Ələsgərovun hüquqlarını müdafiə etdiyini bildirsə də, polislərə rəhbərlik edən Rauf Şahbazov vəkili təhqir etməyə başlayıb. Bundan sonra polis əməkdaşları hüquqşunasa hücum çəkərək onu məhkəmə zalından çıxarıb.
Məsələ ilə bağlı DİN-dən E-huquq.az-a bildirilib ki, C.İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində keçirilən başqa bir proses zamanı zala mülki geyimdə daxil olaraq məhkəmədə polis əməkdaşlarına kinayəli suallar ünvanlamaqla, asayiş keşikçilərini təxribata çəkməyə cəhd göstərib:"Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Qabil Ələsgərovun məhkəməsi olmadığını və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib. Qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır".
Vəkil Aqil Layıc isə özünün feysbuk hesabında bildirib ki, polisin məhkəmə zalından kimisə çıxarmaq, prosesə buraxmamaq kimi səlahiyyətləri yoxdur:
"Buna hüququ çatan yeganə orqan məhz məhkəmələrdir. Qısa zaman ərzində bunu törədən şəxslər cəzalandırılmalıdır. Bu eyni zamanda ədalət mühakiməsinə qarşı edilən hörmətsizlikdir".
Məsələyə vəkil Elçin Sadıqov da şərh bildirib. O, özünün feysbuk səhifəsində yazıb ki, DİN bəyanatı ilə təqsirlərini qismən etiraf edib:
"Yəqin bəyanatı yayanlar da bilmirlər ki, polisin vəkili zaldan çıxarmaq səlahiyyəti yoxdur. Polisin vəkili döyməsi halı dəfələrlə təkrarlanır. Lakin, bununla bağlı heç bir araşdırma aparılmır və polislər cəzalandırılmır. Tələb edirəm ki, bununla bağlı araşdırılma aparılsın, məhkəmə zalında quraşdırlan video müşahidə cəmiyyətə elan edilsin".