Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələrində 23 avqust 2021-ci il tarixində səhər saatlarından başlayaraq xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı ciddi tədbirlər görülüb, qapalı məkanlarda və ictimai nəqliyyatta tibbi maskadan istifadə etməyən vətəndaşlar maska ilə təmin olunub. 

Unikal.org xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları sakinlərə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verib. Həmçinin, xüsusi karantin rejiminin tələblərinə dair maarifləndirici söhbətlər aparılaraq, sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Belə reydlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.