Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan şəxsin kimliyi məlum olub.

Unikal.org-un verdiyi xəbərə görə, bu, Biləsuvar rayon Əsgərabad kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayevdir. O, yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə də olub. Onların sözlərinə görə, Mahir müvazinətini itirib. M.Paşayev xilas olmağa çalışıb. Lakin onun sudan çıxmadığını görüb, kömək istəyiblər. Dəniz sahilində olan sakinlər köməksiz qalan 4 nəfər yeniyetməni xilas ediblər.

Hazırda xilasedicilər və kənd sakinləri M.Paşayevin axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində, nəzarətsiz hissədə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

***20:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Unikal.org FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.