Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 29 il keçir.
Unikal.org xəbər verir ki, 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar.
Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.
Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.
İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub.