Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Sabirabad Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir etmiş, onlara hücum edərək geyim formasını çıxartmış, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.