İstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Samir Əliyev: “İşğaldan azad edilmiş bölgələrimizdə indidən infrastruktur qurulmalı, iş yerləri yaradılmalıdır ki, əhalinin qayıdışından sonra işsizlik problemi yaranmasın”
Ölkəmizdə son illər regionların sosial-iqtisadi inkişafına ciddi diqqət yetirilir. Sovet dövründən çayçılıq, üzümçülük, maldarlıq, əkinçilik, tütünçülük, tingçilik, bağçılıq ənənəsi olan bölgələrdə həmin sahələrin yenidən dirçəldilməsi prosesi müşahidə olunur. Sahibkarlara həmin sahələrin dirçəldilməsi üçün dövlət tərəfindən dəstək göstərilir. Bura əsasən sahibkarlığın inkişafı üçün verilən güzəştli kreditlər daxildir. Bəs görəsən pandemiya dövründə bu proses necə həyata keçirilir? Regionların sosial-iqtisadi inkişafı üçün yeni layihələrin maliyyələşdirilməsi prosesi davam etdirilirmi?
“Unikal” qəzetinin sorğusuna İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, bu il də Fond tərəfindən sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. Belə ki, bu ilin ilk 4 ayı ərzində Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb. Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.
Bundan əlavə pandemiya dövründə sahibkarlara böyük dəstək mexanizmi həyata keçirilir. Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşlarının sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlara yeni verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılmasını davam etdirir.Belə ki, 2021-ci ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib. Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.
İqtisadçılar bundan sonra regionların iqtisadi inkişafı prosesinə Qarabağ bölgəsi üzrə regionların da daxil ediləcəyini bildirirlər.
Samir Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə insanlar köçməmiş sahibkarlıq müəssisələri yaradılmalıdır: “Orada ən azı fermer təsərrüfatları yaradılmalıdır. Sanatoriya, hotellərin inşası, turizmin inkişafı üçün şərait yaradılmalıdır. Bunun üçün güzəştlər işə düşməlidir. Düşünürəm ki, Qarabağ bölgəsi üzrə sahbkarlığın inkişafı üçün faizsiz kreditlər verilməlidir. Hətta sahibkarlara yardımlar da verilə bilər. Hər bir halda işğaldan azad edilmiş bölgələrimizdə indidən infrastruktur qurulmalı, iş yerləri yaradılmalıdır ki, əhalinin qayıdışından sonra işsizlik problemi yaranmasın”.
S.Əliyev onu da bildirir ki, Qarabağda hər rayon üzrə sosial-iqtisadi inkişaf planı hazırlanmalıdır: “Qarabağın sosial-iqtisadi inkişafı üzrə planın hazırlanması vacib amildir. İşğaldan azad edilmiş rayonlarımızda müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətinə imkanlar var. Ən başlıca yeri isə kənd təsərrüfatı tutur” deyə iqtisadçı bildirir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu regionlarda aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi üçün güzəştli kreditlər verir. Bu siyahıya aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi,ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması, əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi, çayçılıq, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması və sair daxildir. Tütünqurutma, baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi də Fondun dəstək verdiyi sahələr sırasındadır. Buraya işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi də daxil edilib.
Gülayə Mecid
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.