Bakıda avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.

"Unikal" xəbər verir ki, 211 nömrəli avtobusun sürücüsü autizmli uşağın skuterlə nəqliyyat vasitəsinə minməsinə icazə verməyib Nəticədə uşağın anası ilə sürücü arasında mübahisə yaranıb. 

"BakuBus"dan bildirilib ki, məsələ araşdırılıb və müəyyən edilib ki, avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib:

“Bildiririk ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik. Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq”.