Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan "Unikal"a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər bu il avqustun 21-i saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə istiqamətlərində 6 lot üzrə sentyabrın 11-də baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.