Rusiyanın hakim "Vahid Rusiya" partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. 

Unikal.org xəbər verir ki, partiyanın ictimai dəstək qərargahında tədbir keçirilib. 

Vahid Rusiya Partiyasının katibi, Federasiya Şurasının sədr müavini Andrey Turçak partiya üzvlərini inamlı qələbə münasibətilə ilə təbrik edib. O, çıxışında Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedyevin xəstə olduğundan toplantıya qatılmadığını, onun bütün partiya üzvlərini təbrik, "Vahid Rusiya"ya səs verənlərə təşəkkür etdiyini bildirib.

Daha sonra sözügedən partiyanın seçkilərdə Moskva üzrə siyahısına rəhbərlik edən paytaxt meri Sergey Sobyanin çıxış edib.

Qeyd edək ki, VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər üç gün ərzində - 17-19 sentyabr tarixlərində keçirilib. Onlayn və ənənəvi formatda keçirilən seçkilərdə səsvermə yerli vaxtla 20:00-da başa çatıb. Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb. Nəticələrə görə, "Vahid Rusiya" 42,50 faiz səslə siyahıya liderlik edir. Ana müxalifət Kommunist Partiyası 23,22 faiz səslə ikinci, liberal demokratlar 8,82 faizlə üçüncü, Ədalətli Rusiya- Həqiqət Uğrunda Partiyası (7,13) dördüncü, Yeni İnsanlar Partiyası isə 6,95 faiz səslə beşinci yerdə qərarlaşıb.

***23:10

Vahid Rusiya Partiyası Dövlət Dumasına bu gün keçirilən seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 % səsini yığıb, həmçinin zəruri olan 5 %-lik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.

Unikal.org "exit poll"a istinadən xəbər verir ki, "Vahid Rusiya" 45,2%, "Rusiya Federasiyası Kommunist Partiyası" – 21%, "Rusiya Liberal Demokrat Partiyası" - 8,7%, "Ədalətli Rusiya" - 7,9% səs toplayıb. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7% səslə "Yeni insanlar" Partiyası göstərib.

Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası lider olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45%-i ötüb.