Şuşalı jurnalist Bəxtiyar Məmmədli: “İşğaldan azad olunmuş ərazilərə səfərlər “Böyük Qayıdış”ın ilk addımlarıdır...”
Artıq bir müddətdir ki, 30 ildən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının sakinləri öz yurdlarına səfər edir, öz yurd yerlərinə yenidən qayıdırlar. Bu səfərlərə həm də işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın başlanğıcı da demək olar. Avqustun 26-da Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bir qrup Şuşa sakininin 30 ildən sonra doğma şəhərinə səfəri baş tutdu. Şuşalılar ilk olaraq Cıdır düzündə olublar. Onlar Cıdır düzünü gəzib, ötən günləri yada salıb, xatirələrini bölüşüblər.
Şuşaya səfər edən 52 sakin Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, həmçinin öz evlərini də ziyarət edib. Qeyd edək ki, şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutmuşdu. Həmin vaxt 50 sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdı.
Bu günlərdə şuşalılardan ibarət növbəti qrup öz doğma torpağına geri qayıdıb. Onların arasında jurnalist Bəxtiyar Məmmədli də var. Bəxtiyar “Unikal” qəzetinə açıqlamasında Şuşa təəssüratlarını bölüşüb. O, 30 il sonra dünyaya göz açdığı torpağa, ata-baba yurduna qayıtmağı “Böyük Qayıdış”ın ilk addımı adlandırıb. Həmsöhbətimiz illərdir həsrətini çəkdiyi torpağına, yurd yerinə geri dönməyi ən böyük xöşbəxtlik sayır: “
Şuşaya getmək evə getmək deməkdir. Kim öz evinə getməz ki? Ona görə də Şuşaya səfər təşkil edənlərə təşəkkür düşür. Əlbəttə ki, 30 il sonra dədə-baba torpağına qədəm qoymaq, havasını ciyərlərinə çəkmək, ətrini qoxlamaq gözəl hislərdir. İnanın ki, orada özümü 10 yaşında Şuşadan çıxmış kimi hiss edirdim. Ona görə də evimizi tapmaq mənən çətin olmadı. Həm də babamgilin, dayımgilin, xalamgilin evlərini ziyarət etdim”.
B. Məmmədli deyir ki, Şuşada hər addımda erməni vəhşiliyinin izi var: “ Hər yeri kol-kos basıb, hər yer dağıdılıb, evlərin daşları belə sökülüb. Amma ermənilər pis mənada nə ediblərsə, azərbaycanlıların, şuşalıların izini silə bilməyiblər. Səfər bitəndən sonra Bakıya geri dönmək mənim üçün çox ağır idi. Amma Şuşada aparılan tikinti-quruculuq işləri onu göstərir ki, tezliklə evimizə qayıdacağıq. Buna heç bir şübhə yoxdur”.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlara geri dönüş səfərləri minalardan təmizlənmiş rayonlar üzrə aparılır. Bir müddət öncə bir qrup Ağdam sakininin doğma şəhərinə səfəri təşkil olunub. Ağdamlıları Azərbaycan Respublikası Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Səfər iştirakçıları PənahƏli xanın İmarət kompleksinə, Ağdam çörək muzeyinə, Ağdam cümə məscidinə və Şahbulaq qalasına gediblər.Sentyabrın 2-də isə bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri başa çatıb. Səfərdə 25 yerli sakin iştirak edib. Onlar əvvəlcə rayonda "Tunel qətliamı"nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.Daha sonra Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun məzarı ziyarət olunub. Eyni zamanda, sakinlər Başlıbel faciəsinin baş verdiyi ərazidə və Günəşli kəndində də olublar. Sonda kəlbəcərlilər doğma şəhərlərində görülən işlərlə tanış olublar. Onu da qeyd edək ki, səfər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Məlumat üçün deyək ki, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb. Vətən müharibəsində möhtəşəm Qələbəmizdən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Prezidentin də dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. İşğaldan azad edilmiş ərazilər indi bütün gücü ilə Böyük Qayıdış üçün hazırlanır.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımıza səfər etmək təkcə o torpaqlarda doğulanların yox, bütün azərbaycanlıların arzusudur. Bunu 44 günlük müharibədə Azərbaycanda yaşayan azsaylı xalqların birliyi də sübut etdi. Məhz bu istəyi nəzərə alaraq Dövlət Turizm Agentliyi Qarabağ turizm marşrutları konsepsiyası hazırlayır. Konsepsiyada Ağdam və Füzuli-Xocavənd marşrutları üzrə turlar nəzərdə tutulur. Bunu Bakı-Şimal-Qərb dəhlizi layihəsinin kordinatoru Nizami Qasımov deyib. O bildirib ki, Ağdama turların avqustun axırında reallaşması planlaşdırılır: "Əsasən ağdamlılar olmaqla, yaşlı nəslin nümayəndələrinin səfəri nəzərdə tutulur".
Dövlət Turizm Agentliyinin Regional inkişaf sektorunun müdiri Elgün Cavadov bildirib ki, Ağdama turların qiyməti hələ müəyyən edilməyib:
"Amma simvolik olacaq. Biletləri onlayn və offlayn əldə etmək mümkün olacaq. Füzuli-Xocavənd marşrutu üzrə turların gələn il həyata keçirilməsi nəzərdə tutulur. Təlabat olarsa, bu istiqamətdə işlər intensivləşdiriləcək".
Gülayə Mecid
(İstiqamət: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”)
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.