Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Füzuli Rayon Prokurorluğundan Unikal.org-un sorğusuna cavab bildirilib ki, aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Murad İbrahimli
***
08:54
Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Quliyev Ceyhun Nazim oğlu yolu keçərkən onu avtomobil vurub. Daha sonra avtomobilin sürücüsü yaralı gəncə yaxınlaşaraq onun boğazına və bədənin müxtəlif yerlərinə bir neçə bıçaq zərbəsi endirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı, boğaz, boyun, bel nahiyəsinin bıçaq yaraları diaqnozları qoyulub.
Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, C. Quliyev Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Quliyevin oğludur və hadisəni Müşviq adlı şəxs törədib.
Faktla bağlı araşdırma aparılır.(report.az)