İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar. Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçdiyi müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Bundan başqa Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün “saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.