Bakıda dini bayraqlarla toy karvanı təşkil edən şəxslər saxlanılıb. Onlardan birinin axtarışda olduğu məlum olub.

DİN Mətbuat Xidmətindən  Unikal.org-a bildirilib ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb. Şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Toy iştirakçılarından olan Füzuli Malıyevin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.